Rusiyada neft emalının həcmi ən aşağı səviyyəyə düşüb

0
rusiya neft zavod

2026-cı ilin iyul ayında Rusiyanın neft emalı zavodlarında gündə orta hesabla 3,6 milyon barel neft emal edilib. Bu, 2002-ci ilin may ayından bəri qeydə alınan ən aşağı göstəricidir.

Xeberbaku.com xəbər verir ki, bu barədə “Bloomberg” nəşri Britaniyanın “Energy Aspects” şirkətinin analitik bölməsi olan “EA Analytics”in məlumatlarına istinadən xəbər yayıb.

Yeni qiymətləndirmə əvvəlki proqnozdan da aşağıdır. Analitiklər daha əvvəl iyulun əvvəlində gündəlik neft emalının 3,91 milyon barel təşkil etdiyini bildirmişdilər. Həmin göstərici 2005-ci ilin mart ayından bəri ən aşağı səviyyə hesab olunurdu.

Verilən məlumatına görə, iyul ayı ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft infrastrukturu obyektlərinə azı 30 zərbə endirib. Bundan əlavə, daha səkkiz hücum Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yaxınlığında fəaliyyət göstərən tankerlərə yönəlib. Ukrayna bu insidentlərə görə məsuliyyəti rəsmi şəkildə öz üzərinə götürməyib.

Tankerlərə edilən hücumlar da nəzərə alınarsa, iyul ayı Rusiya ilə əlaqəli neft obyektlərinə qarşı ən çox zərbənin endirildiyi ay kimi tarixə düşə bilər.