Bakıda yağışlar nə vaxt bitəcək? – Hava proqnozu açıqlandı
Paytaxt Bakı və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti yaxın günlərdə tədricən sabitləşəcək. Sinoptiklərin məlumatına görə, hazırda davam edən intensiv yağıntıların təsiri martın 29-na qədər davam edəcək.
Məlumata əsasən, 29 mart tarixində yağıntıların zəifləyəcəyi, 30 martdan etibarən isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu isə son günlərdə bəzi ərazilərdə yaranan su basqınlarının və sel riskinin azalmasına səbəb olacaq.
Qeyd edək ki, son günlər Bakı və ətraf qəsəbələrdə güclü yağışlar nəticəsində küçələrdə suyun səviyyəsi artıb, bəzi ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Mütəxəssislər vətəndaşlara yağışlı hava şəraiti davam etdiyi müddətdə ehtiyatlı olmağı, xüsusilə su basma ehtimalı olan ərazilərdən uzaq durmağı tövsiyə edir.

