Danimarka şahzadəsi hərbi xidmətə görə maaş almaqdan imtina etdi
Danimarka şahzadəsi İzabella, Kral X Frederik və Kraliça Merinin böyük qızı, hərbi xidmət müddətində dövlət tərəfindən ödənilən maaşdan imtina edib.
Xeberbaku.com xəbər verir ki, 19 yaşlı şahzadə avqust ayında Slaqelse şəhərində yerləşən Qvardiya Husar Alayında 11 aylıq hərbi xidmətə başlayacaq. Danimarkada hərbi qulluqçuların aylıq təminatı təxminən 1,38 min ABŞ dolları təşkil etsə də, şahzadə bu vəsaiti qəbul etməmək qərarı verib.
Danimarka Kral Sarayının mətbuat xidməti KİV-in yaydığı məlumatı təsdiqləyib. Bildirilib ki, İzabella xidmət müddətində nə maaş, nə də qida xərclərinə görə kompensasiya alacaq.
Bununla yanaşı, şahzadə hərbi xidmətdə olduğu müddətdə maliyyə baxımından valideynlərinin himayəsində qalacaq.
İzabella ailə ənənəsini davam etdirir. Onun atası, Kral X Frederik vaxtilə müxtəlif qoşun növlərində və xüsusi təyinatlı bölmələrdə xidmət edib. Kral ailəsinin digər gənc üzvləri də tədricən dövlət və ictimai vəzifələrin icrasına cəlb olunurlar.
Şahzadə 11 aylıq xidmət dövründə digər çağırışçılar kimi kazarmada yaşayacaq və hərbi hazırlıq keçəcək.
