Pambıqçı fermerlərin şikayətləri ilə bağlı daha bir – Açıqlama – Video
“Son günlər ayrı-ayrı fermerlər tərəfindən bəzi pambıq tədarükçüsü şirkətləri tərəfindən təhvil alınmış pambıq məhsulunun dəyərinin ödənilməməsi və ya ödənişlərin gecikdirilməsi ilə bağlı müxtəlif media resurslarında və sosial şəbəkələrdə yenidən müraciətlər yayımlanır”.
Xeberbaku.com xəbər verir ki, bu fikirlər Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında qeyd olunub.
“Bununla əlaqədar bildiririk ki, həmin pambıq istehsalçılarının bir qismi yenidən Kənd Təsərrüfatı Nazirliyində qəbul edilib, müraciətlərində qaldırılan məsələlər dinlənilib və yaranmış vəziyyətlə bağlı ətraflı izahat verilib. Görüş zamanı pambıq tədarükü prosesində tərəflərin hüquq və öhdəlikləri, dövlət subsidiyasının ödənilməsi mexanizmi və problemin hüquqi həlli yolları barədə məlumat təqdim olunub.
Qeyd olunan məsələlərlə əlaqədar bir daha bildiririk ki, Azərbaycanda pambıq istehsalçıları ilə pambıq emalı və tədarükü ilə məşğul olan şirkətlər arasında münasibətlər, bir qayda olaraq, “Müqaviləli əkinçilik” (Contract Farming) modeli əsasında tənzimlənir. Bu çərçivədə tərəflərin hüquq və öhdəlikləri qarşılıqlı qaydada imzalanmış müqavilələrlə müəyyən edilir.
Müvafiq müqavilə şərtlərinə əsasən, istehsal mövsümü ərzində şirkətlər tərəfindən fermerlərə verilmiş avanslar, həmçinin təqdim olunmuş mineral gübrə, pestisid, toxum və göstərilmiş texniki xidmətlərin dəyəri mövsümün sonunda təhvil verilmiş pambıq məhsulunun ümumi dəyərindən çıxılır. Qalan məbləğin fermerə ödənilməsi isə məhsulu tədarük edən şirkətin müqavilə üzrə öhdəliyidir.
Qeyd edirik ki, dövlət tərəfindən pambıqçılığın inkişafının stimullaşdırılması məqsədilə fermerlərə istehsal edib tədarük məntəqələrinə təhvil verdikləri pambıq məhsuluna görə əlavə məhsul subsidiyası ödənilir. Bu subsidiya əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyi tədbiridir.
Pambıq istehsalçılarına subsidiyaların ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” əsasında həyata keçirilir.
Daxil olan fermer şikayətlərində adı çəkilən tədarükçü şirkətə və bu şirkətə pambıq təhvil vermiş fermerlərə 2025-ci ildə istehsal etdikləri pambıq məhsulu üçün məhsul subsidiyası Nazirlik tərəfindən tam olaraq ödənilib. Fermerlərin əsas narazılığı isə təhvil verdikləri pambıq məhsulunun dəyərinin müvafiq şirkət tərəfindən ödənilməməsi və ya gecikdirilməsi ilə bağlıdır.
Bildiririk ki, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslərdir və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər. Bu səbəbdən Nazirlik və onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə özəl şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf hesab olunmur və tərəflər arasındakı müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyillər.
Bildiririk ki, müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var.
Eyni zamanda, fermerlərin üzləşdiyi problemin həlli və pambıq tədarükü sahəsində müqavilə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Nazirlik tərəfindən pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərlə mütəmadi müzakirələr aparılır. Şirkətlərə fermerlər qarşısında götürdükləri müqavilə öhdəliklərinə ciddi riayət etmələri, təhvil aldıqları pambıq məhsulunun dəyərini müqavilə şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmələri ilə bağlı müvafiq tövsiyələr verilir”, – açıqlamada deyilir.
Xatırladaq ki, daha əvvəl də KTN sözügedən məsələ ilə bağlı açıqlama yaymışdı.
***
Salyanda 200-ə yaxın fermer “Aztəsərrüfat” MMC-yə təhvil verdikləri pambığın pulunu ala bilmədiklərini iddia edir.
Xeberbaku.com xəbər verir ki, sosial şəbəkələrdə onların narazılığını bildirən görüntülər yayılıb.
Fermerlərin sözlərinə görə, 2024-2025-ci illərdə şirkətin Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsi ilə müqavilə əsasında pambıq yetişdiriblər. Məhsulu məntəqəyə təhvil versələr də, ödənişlər tam həyata keçirilməyib. Təsərrüfatçılar bildiriblər ki, artıq bir ildir bu problem həllini tapmır.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə (KTN) sorğu ünvanladıq.
Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, pambıq şirkətləri Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aid edilməyiblər və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər: “Müraciətinizdə qeyd edilən məsələlərin həlli nazirliyin səlahiyyətləri xaricindədir.
Pambıq istehsalçıları və tədarükçüləri arasında münasibətlər bağlanan müqavilələrlə tənzimlənir. Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının məhkəməyə müraciət etmə hüquqları vardır”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə Anews.az-a açıqlamasında bildirib ki, özəl sektorla bir neçə görüş keçirilib: “Məsələnin həllinə yönələn addımlar atmağa çalışırıq. Həmin şirkət qarşısında tələblər qoymuşuq ki, fermerlərin ödənişləri həyata keçirilsin. Məndə olan məlumata görə, bir qisminin ödənişinə artıq başlanılıb”.
