Aqil Abbas: “Sahibə xanım haqlı idi”

0
aqil millet

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, spiker deputatın ​“Niyə Ağdamda mənə ev düşmür?” fikirləri ilə razılaşmadığını və onun bu çıxışı ilə görülən işlərə ləkə saldığını bildirib. Bəzi istifadəçilər Aqil Abbasın fikirləri ilə razılaşsa da, digərləri, eləcə də deputatların əksəriyyəti spikerin iradını haqlı hesab edib.

Xeberbaku.com bildirir ki, “Qafqazinfo” müzakirələrlə bağlı Aqil Abbasla əlaqə saxlayıb. Millət vəkili saytımıza açıqlamasında bildirib ki, Sahibə Qafarova ona bildirdiyi iradda haqlı olub: “Cəmiyyət səhv edir. Cəmiyyət bu işə niyə qarışır axı? Mən demişəm, xanım sədr də mənə haqlı irad bildirib. Çünki mən orada mövzudan kənara çıxmışam. Cəmiyyətdə indi kiminsə kimdənsə xoşu gəlir və ya gəlmir, başlayırlar iki yerə bölünməyə. Hər kəs öz fikrini bildirməkdə azaddır. Mən özümə ev istəməmişəm, sadəcə demişəm ki, məcburi köçkün statusuna yenidən baxılsa, yaxşı olar. Ağdamda işlər yekunlaşanda 20 min ev tikilmiş olacaq, elə o 20 min ev mənim evim deməkdir. Hər bir ağdamlının evi elə mənim evimdir.

Qeyd etdiyim kimi, bu məsələdə cəmiyyətin iki yerə bölünməsi səhvdir. Hörmətli Sahibə xanım bizim sədrimizdir və irad bildirməkdə haqlı idi. Çünki o an “Pulsuz hüquqi yardım haqqında” qanunun müzakirəsi idi. Mən o fikirlərimi cari məsələlərlə bağlı deputatlara yarım saat vaxt ayrılanda bildirməli idim.

Bu dəqiqə ev şəhid ailələrinə və müharibə veteranlarına verilir. Mərhələli şəkildə yəqin ki, digər köçkünlərə də ev düşəcək. Yəni bunu böyütmək düz deyil. Kimsə bekardır, kiminsə kimdənsə xoşu gəlmir, mövzunu başqa yerə yozmaq düz deyil. Ağdam sürətlə bərpa edilir. Mən də gedib-gəlirəm. Bütün Qarabağda evlər tikilir. Bu, asan iş deyil”.

***30.10.2026

“Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür”.

Xeberbaku.com xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyük tikinti gedir. Baxırsan, ürəyin açılır. Mən məcburi köçkün statusunda deyiləm, 1970-ci ildən Bakıda yaşayıram. Amma atamın mülkündə tikilən evdən niyə mənə düşmür?

Deməli, mən Ağdamdan öz cibimə ev almalıyam, niyə? Nə mənə, nə bacı-qardaşlarıma ev düşür. Mən tək deyiləm, mənim kimi bir neçə belə şəxs var. Bu məsələ olduqca ciddidir və qaçqın statusuna yenidən baxılmalıdır”.

Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmadığını və onun bu çıxışı ilə görülən işlərə ləkə saldığını bildirib: “Bu qədər iş görülür və niyə siz ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Haradan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız. Siz də, Bəxtiyar müəllim də deputatdır, ayrı tribuna yox idi ki, bu qanun (red. “Pulsuz hüquqi yardım”) müzakirə olunanda deyəydiniz? Sizin başqa imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasınız?”