Toyuq əti də bahalaşdı – Video
Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb.
Xeberbaku.com xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır.
Hazırda bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramı 10 manata qədər yüksəlib.
Alıcılar bildirirlər ki, xüsusilə ailələrin gündəlik alış-verişində geniş istifadə etdiyi məhsulun bahalaşması büdcəyə əlavə yük yaradır.
Satıcıların sözlərinə görə, son günlərdə satışda toyuq filesi qıtlığı müşahidə olunur. Bəzi mağazalarda məhsul ümumiyyətlə yoxdur. Olanlarda isə qiymət artıb.
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də bu məhsula tələbatın artdığını deyib. Onun sözlərinə görə, sentyabrda əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə marağı artırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl mal əti də bahalaşıb.
Məlumat üçün bildirək ki, Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində də artım var.
Ətraflı Xəzər TV-nin videomaterialında:
