Tramp payızda Kim Çen Inla görüşmək istəyir
ABŞ prezidenti Donald Tramp köməkçilərindən payızda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüş təşkil etməyi tələb edib.
Xeberbaku.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, Tramp müşavirləri ilə növbəti Asiya səfəri çərçivəsində Kim Çen Inla şəxsən görüş keçirmək imkanını müzakirə edib. Nəşrin yazdığına görə, ABŞ prezidenti noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçiriləcək sammitində iştirak etmək üçün regiona səfər edə bilər. Bildirilir ki, ABŞ və KXDR liderlərinin görüşünün təşkili ilə bağlı rəsmi hazırlıqlara hələ başlanılmayıb.
Qəzet yazır ki, Tramp Kim Çen Inla görüşü dialoqu bərpa etmək və KXDR-i nüvə proqramından imtina etməyə inandırmağa çalışmaq üçün fürsət kimi qiymətləndirir. Bununla yanaşı, ekspertlər və bir sıra ABŞ rəsmiləri iki ölkə liderlərinin danışıqlarından ciddi irəliləyiş gözləmirlər. Ağ Evdəki mənbə qəzetə bildirib ki, Tramp və Kim Çen Inın görüşü “lazımi vaxtda” baş tutacaq.
Nəşrin məlumatına görə, ABŞ prezidenti 2025-ci ildə Asiya turnesi zamanı da KXDR lideri ilə danışıqlar aparmaq istəyib. Həmin vaxt Pxenyan Vaşinqtona görüşə qarşı olmadığını bildirib, lakin tərəflər qısa müddət ərzində təşkilati məsələləri həll edə bilməyiblər.
ABŞ prezidenti avqustun 17-də Kim Çen Inın danışıqlar keçirmək təşəbbüsünə cavab verdiyini bildirib. Tramp həmçinin iki lider arasında qarşılıqlı anlaşmanın yarandığını düşündüyünü qeyd edib.
Tramp ilk prezidentlik müddətində Kim Çen Inla üç dəfə görüşüb — 2018-ci ilin yayında, 2019-cu ilin qışında və həmin ilin yayında.
