Nazirlik və Real TV üz-üzə: nə baş verir? – Araşdırma başladı – Video

0
screenshot_2026-10-28_214538

Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.

Xeberbaku.com xatırladır ki, sözügedən hadisədən sonra məktəbə çəkilişə gedən Real TV-nin əməkdaşına hücum olub.

Hazırda hadisə ilə bağlı saxlanılanlar var, hüquq-mühafizə orqanları ilə yanaşı Bakı şəhər Təhsil İdarəsi də araşdırma apardığını elan edib.

Bu arada sözügedən hadisə ilə bağlı Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” qəzetinin yaydığı məqalə isə xüsusi diqqət çəkib.

“Məktəbdə azyaşlı şagirdin həyatını itirdiyi faciəvi hadisədən dərhal sonra əsas prioritet uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşmaq olmalıdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, televiziya operatorundan dəfələrlə azyaşlı şagirdlərdən müsahibə almamaq, onların psixoloji vəziyyətini nəzərə almaq xahiş edilib. Lakin bu müraciətlərə məhəl qoyulmadığı, çəkilişlərin davam etdirildiyi, hətta həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülərinin lentə alındığı bildirilir. Şahidlərin sözlərinə görə, məhz bu davranışlar hadisə yerində ciddi narazılıq və gərginlik yaradıb.

Bəs azyaşlılara hansı suallar veriləcəkdi? “Hadisə necə baş verdi?”, “Onun hansı problemləri var idi?”, “Hadisəni kim gördü?” Bu uşaqların bəziləri bəlkə də həyatlarında ilk dəfə belə ağır bir faciə ilə üzləşib, meyit görüblər. Onların yaşadığı psixoloji sarsıntını nəzərə almadan müsahibə almağa çalışmaq hansı peşəkar jurnalistika prinsiplərinə uyğundur?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı açıqlamasında da bu məqama xüsusi diqqət yetirilib. İdarə bir daha xatırladıb ki, belə həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət olunmalı, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalıdır. Açıqlamada həmçinin şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməsinin vacibliyi vurğulanıb.

Əlbəttə, bütün bunlar operatora qarşı fiziki zorakılığı haqlı etmir. Ancaq hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim etmək, qarşıdurmaya gətirib çıxardığı bildirilən halları görməzdən gəlmək də düzgün deyil.

Jurnalistin hüquqları olduğu kimi, faciə yaşamış uşaqların və ailələrin də hüquqları var. Mətbuat azadlığı heç kimə azyaşlıların psixoloji təhlükəsizliyini, insanların şəxsi həyatını və faciə qarşısındakı həssaslığını nəzərə almamaq haqqı vermir.

Peşəkar jurnalistika təkcə nəyi çəkməyi deyil, nəyi çəkməməyi, kimə sual verməyi deyil, hansı məqamda susmağı da bilməyi tələb edir.

Bu hadisədə zorakılığa hüquqi qiymət verilməli, eyni zamanda media nümayəndələrinin davranışları da peşə etikası baxımından obyektiv araşdırılmalıdır.

Çünki jurnalistikanın əsas prinsipi yalnız informasiya əldə etmək deyil, həm də insana hörmət etməkdir”.

Məqaləyə Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli sosial şəbəkə hesabında bu cür reaksiya verib:

“Azərbaycan müəllimi” qəzeti dünən 225 saylı orta məktəbdə jurnalistlərin linç edilməsi ilə bağlı məqalə yazıb və vəhşiliyə haqq qazandırıb. Nə qədər qəribə olsa da…

Ümumiyyətlə şagird niyə məktəbdə meyit görməlidir? Şagirdin meyit görməməsi üçün məktəb nə edib? Ümumiyyətlə, məktəblərdə psixoloq varmı? Varsa, nə ilə məşğuldur?

“Azərbaycan müəllimi” qəzetindəki həmkarlarımızın bu məqalə ilə nəyi qorumağa çalışdıqları şəxsən mənə qaranlıqdır. Linçi müdafiə etmək? Şagirdlər arasında belə amansız tendensiyaya haqq qazandırmaq? “Son zəng” tədbirlərində müəllimlərin də şagirdlərə qoşulub “oğru mahnıları”na rəqs etdikləri məktəblərdən nə gözləməliyik? “Azərbaycan müəllimi”ni daha çox bu sual düşündürməlidir. Araşdırsınlar, məktəblilər arasında nə qədər cinayətlər baş verir? Niyə baş verir? Kimdədir günah? Hadisəni işıqlandırmağa çalışan jurnalistdə?”

***

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə Real TV-nin əməkdaşlarına hücum olub.

Xeberbaku.com xəbər verir ki, bu gün həmin məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.

Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.

Hadisə nəticəsində televizyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Jurnalistlər dərhal DİN-in “102” Xidmət Mərkəzinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Real TV-nin yaydığı həmin görüntüləri təqdim edirik:

https://bax.tv/embed/228304.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

***

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Xeberbaku.com Oxu.az-a istinadla xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.

***

Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.Dadaşova pəncərədən yıxılıb.

Hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib. Həmin vaxt G.Dadaşovanın sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, G. isə dərsə qatılmayıb.

Məlumata görə, G.Dadaşovanın anası bir müddət əvvəl vəfat edib və o, xalasının himayəsində yaşayıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dünyasını dəyişib. Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda bildirilib.

***

Oktyabrın 28-də saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib:

“Təcili tibbi yardım briqadası tərəfindən naməlum bir azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.